QURANDA MƏRYƏM OĞLU İSA MƏSİH
Hz.İsa bütün peyğəmbərlər kimi Allahın insanları doğru yola çağırmaqla vəzifələndirdiyi, dünyada və axirətdə seçdiyi elçilərindəndir. Allah Quranda Hz.İsanın dünyaya gəlməsindən Allahın dərgahına yüksəldilməsinə qədər hər məsələdə digər insanlardan fərqləndiyinə diqqəti çəkir. Hər şeydən əvvəl, Hz.İsa məlum olan səbəblərdən istisna olaraq başqa cür yaradılmışdır - atasız dünyaya gəlmişdir. Allah Hz.İsa anadan olmamışdan əvvəl onun bir çox xüsusiyyətini və insanlar üçün bir Məsih olaraq göndərildiyini mələkləri vasitəsi ilə anası Hz.Məryəmə bildirmişdir. Hz.İsanın Quranda xəbər verilən bu seçimli xüsusiyyətlərindən biri “Allahın bir kəlməsi” olmasıdır:
“...Məryəm oğlu İsa əl-Məsih ancaq Allahın peyğəmbəri, Məryəmə çatdırdığı kəlməsidir. Və Onun tərəfindən olan bir ruhdur...” (“Nisa” surəsi, 4/171)
“Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və Allaha yaxın olanlardandır” (“Ali-İmran” surəsi, 3/45)
Quranda “Allahın kəlməsi” ifadəsi ancaq Hz.İsa üçün istifadə edilmişdir. Allah Hz.İsa hələ dünyaya gəlməmişdən əvvəl onun adını bildirmişdir. Adi vaxtlarda insanlara adlarını ailələri verir. Ancaq Hz.İsanın vəziyyəti fərqlidir. Allah Özündən bir kəlmə olaraq Hz.İsaya “İsa Məsih” adını vermişdir. Bu Hz.İsanın digər insanlardan daha fərqli bir yaradılışla yaradıldığını göstərən ifadələrdən biridir.
Hz.İsa haqqında doğruluğu qəti olan məlumat əldə edə biləcəyimiz mənbə Allahın qiyamətə qədər qoruyacağını vəd etdiyi Qurani-Kərimdir. Allah Quranda Hz.İsanın ölmədiyini, göyə yüksəldildiyini və “axırzaman” adı verilən qiyamətdən əvvəl yaşanacaq dövrdə ikinci dəfə dünyaya gələcəyini xəbər vermişdir. Bundan başqa, Peyğəmbərimiz (s.ə.v.) də Hz.İsanın yer üzünə yenidən qayıdacağını bir çox hədislərində bildirmişdir. Bu mövzu ilə əlaqəli məlumatlar Quranda belə qeyd edilmişdir:
Hz.İsa öldürülməmiş, Allahın dərgahına yüksəldilmişdir
Quranda peyğəmbərlərin ölümləri
Hz.İsa öldürülməmiş, Allahın dərgahına yüksəldilmişdir
Hz.İsanı tutan romalılar və yəhudi din adamları onu çarmıxa çəkdiklərini və bununla da onu öldürdüklərini iddia etmişdilər. Bütün xristian dünyası da hadisəni bu cür qəbul etməklə yanaşı, fəqət Hz.İsanın öləndən sonra dirilərək göyə yüksəldiyinə inanırlar. Ancaq Qurana nəzər salanda hadisənin əslinin iddia edildiyi kimi olmadığını görürük:
“(Onların lənətə düçar olmalarının bir səbəbi də:) “Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, -(qatəlnə) demələridir. Halbuki onlar İsanı nə öldürdülər (mə qatələhu), nə də çarmıxa çəkdilər (mə saləbə). Onlara oxşarı göstərildi (şubihə). Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur, Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər” (mə qatələhu) (“Nisa” surəsi, 4/157)
Eyni ayədən sonra gələn ayədə Hz.İsanın öldürülmədiyi və Allahın dərgahına yüksəldildiyi bu cür bildirilir:
“Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır (rafəə). Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!” (“Nisa” surəsi, 4/158)
Ayədə qeyd edilən “onlara oxşarı göstərildi” ifadəsi Hz.İsanın öldürülmədiyini və Allah dərgahına yüksəldildiyini ortaya qoyur. Allah bu iddiada olanların həqiqətə dair bir məlumatları olmadığına da diqqət çəkir. Allah insanlara Hz.İsanın bir oxşarını göstərmiş və onu Öz dərgahına yüksəltmişdir.
Quranda peyğəmbərlərin ölümləri
Quranda peyğəmbərlərin dünyalarını dəyişdiklərini bildirən qissələrdə işlədilən ifadələrlə Hz.İsanın öldürülmək istənməsinin qeyd edildiyi ayələrdəki kəlmələrin tədqiqi Hz.İsa ilə bağlı bir həqiqəti ortaya çıxarır. Quranda peyğəmbərlərin ölməsi və ya öldürülməsi ilə əlaqəli olaraq işlədilən kəlmələr “qatələ” (öldürmək), “mətə” (ölmək), “haləkə” (həlak olmaq), “saləbə” (asmaq) kimi bir neçə xüsusi kəlmə ilə ifadə edilmişdir. Halbuki Hz.İsa üçün Quranda çox aydın bir ifadə ilə “Onu öldürmədilər” (mə qatələhu) və “çarmıxa asmadılar” (mə saləbəhu) ifadəsi işlədilərək heç bir öldürülmə üsulu ilə öldürülmədiyi vurğulanır. İnsanlara Hz.İsanın oxşarının göstərildiyi, onun isə Allahın dərgahına yüksəldildiyi bildirilir. “Ali-İmran” surəsində isə Hz.İsanı Allahın vəfat etdirəcəyi və Onu Öz dərgahına yüksəldəcəyi bildirilmişdir:
“O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib (mutəvəffikə) Öz dərgahıma qaldıraram (rafiukə), səni kafirlərdən pak edərəm. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm...” (“Ali-İmran” surəsi, 3/55)
Quranda bildirilən “ölüm” mənasına gələn sözlərin ərəb dilindəki sinonimlərinin incələnməsi Hz.İsanın bildiyimiz mənada ölmədiyini göstərir. “Ali-İmran” surəsində bildirilən “vəfat etdirmək” kəlməsi bu cür işlədilmişdir:
Təvəffa: Vəfat etdirmək
“Maidə” surəsinin 117-ci ayəsində ölüm hadisəsi bu şəkildə bildirilir:
“Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim, onlara şahid mən idim. Sən məni vəfat etdirəndən (təvəffəytəni) sonra onlara nəzarətçi Özün oldun. Yalnız Sən hər şeyə şahidsən!” (“Maidə” surəsi, 5/117)
Bu ayədə işlədilən və Quranın ana dilimizdəki tərcümələrində “öldürmək” və ya “vəfat etdirmək” mənalarında işlədilən kəlmə ərəb dilində “təvəffa” kökündən törəmişdir. Bu kəlmə isə ölüm mənasına deyil, “canın alınması” mənasına uyğun gəlir. İnsanın canının alınmasının isə hər zaman ölüm mənası vermədiyi yenə Quranda bizə bildirilir. Məsələn, “təvəffa” kəlməsinin qeyd edildiyi başqa bir ayədə insanın ölümündən deyil, yuxuda canının alınmasından bəhs edilir:
“Sizi gecələr vəfat etdirən (təvəffəkum), gündüz isə nə etdiyinizi bilən Odur. Sonra O, sizi gündüz oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin...” (“Ənam” surəsi, 6/60)
Bu ayədə “vəfat etdirmək” mənası verilən kəlmə ilə “Ali-İmran” surəsinin 55-ci ayəsində işlədilən kəlmə eynidir. Yəni hər iki ayədə də “təvəffa” kəlməsi işlədilir.
Allah Quran ayələrində Hz.İsanın öldürülmədiyini, çarmıxa çəkilmədiyini, insanlara onun oxşarının göstərildiyini, onu vəfat etdirdiyini (yəni yuxudakı kimi canını aldığını) və Öz dərgahına qaldırdığını bildirir.
Hz.İsa üçün “canını almaq” mənasını verən “təvəffə” feli işlədilərkən başqa peyğəmbərlər üçün adi ölümü bildirən “qatələ” və ya “məut” kimi ifadələr işlədilmişdir. Bu məlumatlara uyğun olaraq Hz.İsanın yuxudakına bənzər bir vəziyyətə salınaraq Allahın dərgahına yüksəldildiyini, bu hadisənin bizim bildiyimiz ölüm olmadığını, sadəcə olaraq buradan bir ayrılış olduğunu deyə bilərik. Ən doğrusunu Allah bilir.
Bura qədər deyilənlərdən Hz.İsanın ölmədiyi və Allahın dərgahına qaldırıldığı aydın olur. Quranda diqqəti cəlb edən başqa bir məsələ isə Hz.İsanın yer üzünə yenidən qayıdışıdır.
Quranın bir çox ayəsində Hz.İsanın ikinci dəfə yer üzünə qayıdacağı ilə bağlı dəqiq ifadələr mövcuddur. Bunlardan bəzilərini bu ardıcıllıqla qeyd edə bilərik:
1. “O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən səni vəfat etdirib Öz dərgahıma qaldıraram, səni kafirlərdən pak edərəm. Sənə tabe olanları qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm!” (“Ali-İmran” surəsi, 3/55).
Bu ayədə qiyamətə qədər inkar edənlərə üstün gələn və Hz.İsaya həqiqətən tabe olan insan cəmiyyətindən bəhs edilir. Bu ifadəyə görə, “Hz.İsaya tabe olan” və “qiyamət gününə qədər yaşayan” bir cəmiyyətin olmasına zərurət yaranır. Hazırda yaşayan xristianlara nəzər salanda əsl xristianlığın təhrif olunduğunu, Hz.İsanın insanlara çatdırdığı haqq dindən ayrı bir dinin formalaşdırıldığını görürük. Hz.İsanın (haşa) Allahın oğlu olduğunu iddia edən çaşdırıcı bir inanc mənimsənilmiş və təslis inancı (üçləmək: Ata, oğul və müqəddəs Ruh) qəbul edilmişdir. Belə olan təqdirdə dinin əslindən tamamilə uzaqlaşan bugünkü xristianları Hz.İsaya tabe olaraq qəbul etməyimiz mümkün deyil. Çünki Allah Quranın əksər ayələrində “təslis”ə inananların inkarda olduqlarını bildirmişdir:
““Allah üçün üçüncüsüdür!” - deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur...” (“Maidə” surəsi, 5/73)
Dolayısı ilə Hz.İsaya tabe olan belə bir cəmiyyət şübhəsiz ki, onun yenidən yer üzünə qayıdışı ilə meydana çıxacaqdır. Və bu insanlar qiyamətə kimi inkar edənlərə üstün gələcəklər.
2. “Kitab əhlindən elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin, lakin o, qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir” (“Nisa” surəsi, 4/159)
Yuxarıdakı ayədəki “elə bir kəs olmaz ki, ölümündən əvvəl ona iman gətirməsin” ifadəsində qeyd edilən “o” əvəzliyi Hz.İsa üçün işlədilmişdir. Bu ayənin əvvəlində də “Nisa” surəsinin 157 və 158-ci ayələri həmin əvəzliyin Hz.İsa üçün işlədildiyini göstərir:
“Və: “Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - dedikləri üçün onlara belə bir cəza verdik. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara yalnız oxşarı göstərildi. Bu haqlı ixtilafda olanlar onun barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur, Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə onu öldürməmişlər” (“Nisa” surəsi, 4/157)
“Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət, hikmət sahibidir!” (“Nisa” surəsi, 4/158)
Bəzi insanlar ayədə qeyd edilən “ölümündən əvvəl” ifadəsinin “Kitab əhlinin öz ölümlərindən əvvəl” inanması mənasında olduğunu düşünürlər. Bu izaha görə, Kitab əhlindən olan hər bir insan ölməmişdən əvvəl mütləq Hz.İsaya iman gətirəcəkdir. Halbuki Hz.İsanın dövründə Kitab əhlindən olan yəhudilər ona iman gətirməməklə kifayətlənməmiş, onu öldürmək üçün tələ də qurmuşdular. Hz.İsadan sonra yaşayıb ölən yəhudi və xristianların isə Hz.İsaya Quranda bildirildiyi kimi, iman gətirdiklərini iddia etmək həqiqətə uyğun gəlməyən bir təxmin olacaq.
Bununla yanaşı, ayənin davamınca gələn “qiyamət günündə onların əleyhinə şəhadət verəcəkdir” ifadəsi də yenə Hz.İsanın gələcəyinə işarə edir.
Nəticə olaraq deyə bilərik ki, ayələrin bizə göstərdiyi həqiqət budur: “Hz.İsa ölməmişdən əvvəl bütün Kitab əhli ona iman gətirəcəkdir”.
Hər şeydən öncə, ayədə gələcəkdən bəhs edildiyi aşkardır. Çünki Hz.İsanın ölməsi məsələsindən söhbət gedir. Halbuki Hz.İsa ölməmişdir. Sadəcə olaraq Allahın dərgahına yüksəldilmişdir. Hz.İsa yenidən dünyaya qayıdacaq və hər insan kimi bu dünyada yaşayıb öləcəkdir. İkincisi, bütün Kitab əhli Hz.İsaya iman gətirəcəkdir. Bu da hələ ki, baş verməmişdir. Ancaq qəti olaraq gerçəkləşəcəyi bildirilən bir hadisədir.
Dolayısı ilə buradakı “ölümündən əvvəl” ifadəsinin işarə etdiyi şəxs Hz.İsadır. Kitab əhli onu görüb tanıyacaqdır. Sonrakı səhifələrdə ətraflı şəkildə bəhs ediləcəyi kimi, yaşadığı əsnada ona müsəlman olaraq itaət edəcəklər və Hz.İsa da onların bu hərəkətləri ilə bağlı axirətdə şahidlik edəcəkdir. Doğrusunu ən yaxşı Allah bilir.
3. Hz.İsanın yenidən yer üzünə qayıdacağı ilə əlaqəli başqa ayə də “Zuxruf” surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən Hz.İsadan bəhs edilir:
“Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız mübahisə etmək xətrinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən bir qövmdürlər! O ancaq nemət verdiyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir bəndədir. Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq” (“Zuxruf” surəsi, 43/57-60)
Bu ayədən sonra gələn 61-ci ayədə Hz.İsanın qiyamət saatı üçün bir elm olduğu bildirilir:
“Şübhəsiz ki, o, qiyamət saatı üçün bir əlamətdir. Ona şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!” (“Zuxruf” surəsi, 43/61)
Bu ayə Hz.İsanın axırzamanda yer üzünə qayıdışına açıq bir işarədir. Çünki Hz.İsa Quranın göndərilməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Dolayısı ilə bu ilk həyatını “qiyamət saatı üçün bir əlamət”, yəni bir qiyamət əlaməti olaraq qəbul edə bilmərik. Ayənin işarə etdiyi məna Hz.İsanın axırzamanda, yəni qiyamətdən əvvəlki son dövrdə yenidən yer üzünə qayıdacağı və bunun da bir qiyamət əlaməti olacağıdır. Ən doğrusunu Allah bilir.
4. Hz.İsanın ikinci gəlişinə işarə edən başqa ayələr də bunlardır:
“Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və Allaha yaxın olanlardandır. O, həm beşikdə ikən, həm də yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən olacaqdır”. Məryəm: “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” - dedikdə, buyurdu: “Elədir, lakin Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” - deyər, o da dərhal olar. Allah ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək” (“Ali-İmran” surəsi, 3/45-48)
Ayədə Allahın Hz.İsaya Tövratı, İncili və bir də “Kitabı” öyrədəcəyi xəbər verilir. Əlbəttə ki, bu kitabın hansı kitab olduğu çox mühümdür. Eyni ifadə “Maidə” surəsinin 110-cu ayəsində də qeyd edilmişdir:
“Xatırla ki, o gün Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışdırdım. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətdim...”” (“Maidə” surəsi, 6/110)
Hər iki ayədə də qeyd edilən “kitab” ifadəsini incələyəndə bunun Qurana işarə olduğunu görürük. Ayələrdə Tövrat və İncildən sonra göndərilən axırıncı haqq kitabın Quran olduğu bildirilir. (Hz.Davuda verilən Zəbur da Əhdi-Ətiqin içindədir). Bununla yanaşı, Quranın başqa bir ayəsində “kitab” kəlməsi İncil və Tövratın yanında Quranı ifadə etmək üçün işlədilmişdir:
“Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq Odur. Sənə özündən əvvəlkiləri təsdiq edən Kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi” (“Ali-İmran” surəsi, 3/2-3)
Bu vəziyyətdə Hz.İsaya öyrədiləcək üçüncü “Kitab”ın Quran olduğunu və bunun da ancaq Hz.İsanın axırzamanda dünyaya qayıdışında mümkün ola biləcəyini düşünə bilərik. Çünki Hz.İsa Quranın göndərilməsindən təxminən 600 il əvvəl yaşamışdır. Peyğəmbərimizin (s.ə.v.) hədislərinə nəzər salanda Hz.İsanın dünyaya ikinci dəfə gəlişində İncillə deyil, Quranla hökm edəcəyini başa düşürük (Ətraflı məlumat almaq istəyənlər Elşad Mirinin ana dilimizə tərcümə etdiyi Harun Yəhyanın “Qiyamətin əlamətləri” adlı əsərinə müraciət edə bilərlər – Red.). Bu da ayədəki mənaya tamamilə uyğun gəlir. Şübhəsiz, ən doğrusunu Allah bilir.
5. Bütün bunlarla yanaşı, “Allah yanında İsa da Adəm kimidir...” (“Ali-İmran” surəsi, 3/59) ayəsi də Hz.İsanın yenidən qayıdışına işarə olaraq qəbul edilə bilər. Ümumiyyətlə, təfsir alimləri bu ayənin hər iki peyğəmbərin də atasız olmaq xüsusiyyətinə, Hz.Adəmin Allahın “Ol!” əmri ilə torpaqdan yaradılması ilə Hz.İsanın da yenə “Ol!” əmri ilə atasız dünyaya gəlməsinə işarə etdiyini bildirmişlər. Ancaq ayənin ikinci başqa bir işarəsi də ola bilər. Hz.Adəm cənnətdən necə yer üzünə endirilibsə, Hz.İsa da axırzamanda Allahın dərgahından dünyaya endirilə bilər. Ən doğrusunu Allah bilir.
Göründüyü kimi, Hz.İsanın yer üzünə yenidən qayıdacağı ilə bağlı olan ayələr çox aydındır. Quranda başqa peyğəmbərlər haqqında bunlara oxşar ifadələr işlədilməmişdir. Ancaq bütün bu ifadələr Hz.İsa üçün işlədilmişdir. Bunun mənası isə çox aşkardır.
6. Allah Hz.İsanın ölümünü başqa bir ayədə belə xəbər verir:
“Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim gün də mənə salam olsun!” (“Məryəm” surəsi, 19/33)
Bu ayə “Ali-İmran” surəsinin 55-ci ayəsi ilə birlikdə tədqiq ediləndə çox mühüm bir həqiqətə işarə edir. “Ali-İmran” surəsindəki ayədə Hz.İsanın Allah dərgahına yüksəldildiyi ifadə edilir. Bu ayədə “ölmək” və ya “öldürülmək”lə bağlı bir məlumat verilmir. Ancaq “Məryəm” surəsinin 33-cü ayəsində Hz.İsanın öləcəyi gündən bəhs edilir. Bu ikinci ölüm isə ancaq Hz.İsanın ikinci dəfə dünyaya gəlişi və bir müddət yaşayandan sonra vəfat etməsi ilə mümkün olur. Ən doğrusunu Allah bilir.
7. Hz.İsanın yenidən dünyaya gələcəyi ilə əlaqəli başqa dəlil isə “Maidə” surəsinin 110-cu ayəsində və “Ali-İmran” surəsinin 46-cı ayəsində qeyd edilən “kərhən” kəlməsidir.
“Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında (kəhlən) da adamlarla danışdırdın...” (“Maidə” surəsi, 5/110)
“O, beşikdə ikən, yaşa dolduqdan (kəhlən) sonra insanlarla danışacaqdır. Və o salehlərdəndir” (“Ali-İmran” surəsi, 3/46)
Bu kəlmə Quranda ancaq yuxarıdakı iki ayədə və ancaq Hz.İsa üçün işlədilmişdir. Hz.İsanın yetkinlik çağını ifadə etmək üçün işlədilən “kəhlən” kəlməsinin mənası “otuz ilə əlli yaş arasında, gənclik dövrünü başa vurub qocalıq dövrünə ayaq atan, yaşı kamala çatan adam” şəklindədir. Bu kəlmə İslam alimləri arasında ittifaqla “35 yaşdan sonrakı dövrə işarə edir” şəklində açıqlanmışdır.
Hz.İsanın gənclik yaşı sayılan otuz yaşının əvvəllərində göyə qaldırıldığını, yer üzünə qayıdandan sonra qırx il qalacağını ifadə edən və İbni Abbasdan rəvayət edilən hədisə əsaslanan İslam alimləri Hz.İsanın qocalıq dövrünün təkrar dünyaya gəlməsindən sonra olacağını, dolayısı ilə bu ayənin Hz.İsanın qayıdacağına bir dəlil olduğunu söyləyirlər.14 İslam alimlərinin bu izahının doğruluğu qeyd edilən ayələrə nəzər salınanda asanlıqla aydın olur.
Quran ayələrində bu ifadənin ancaq Hz.İsa üçün işlədildiyini görürük. Bütün peyğəmbərlər insanlarla danışıb onları dinə dəvət etmişlər. Hamısı da yetkin yaşlarında təbliğ vəzifəsini yerinə yetirmişlər. Ancaq Quranda başqa peyğəmbərlər üçün bu cür bir ifadə işlədilməmişdir. Bu ifadə ancaq Hz.İsa üçün istifadə edilmişdir və möcüzəli bir vəziyyəti ifadə edir. Çünki ayələrdə bir-birinin ardı ilə gələn “beşikdə” və “yetkin çağda” kəlmələri iki böyük möcüzəli dövrə diqqəti cəlb edir.
Həmçinin İmam Təbəri “Təbəri Təfsiri” adlı əsərində bu ayələrdə bildirilən ifadələri belə açıqlayır:
“Bu ifadələr (“Maidə” surəsi, 5/110) Hz.İsanın ömrünü tamamlayıb yaşlılıq dövründə insanlarla danışa bilməsi üçün göydən enəcəyinə işarə edir. Çünki, o, gənclik yaşlarında göyə qaldırılmışdır...
Bu ayədə (“Ali-İmran” surəsi, 3/46) Hz.İsanın həyatda olduğuna dəlil var. Əhli-sünnə də bu fikirdədir. Çünki ayədə onun yaşlandığı dövrdə də insanlarla danışacağı ifadə edilir. Yaşlanması da ancaq səmadan yer üzünə qayıdacağı zaman olacaqdır”.
“Kəhlən” kəlməsinin mənaları da Quranda qeyd edilən başqa məlumatlar kimi Hz.İsanın yenidən dünyaya gəlişinə işarə edir. Doğrusunu ən yaxşı Allah bilir.
Bütün bu bəhs edilənlər Hz.İsanın “axırzaman” adlanan bir dövrdə yer üzünə təkrar gələcəyini və insanları haqq din olan İslama istiqamətləndirəcəyini ortaya qoyur. Şübhəsiz, bu, Allahın iman gətirənlərə böyük bir müjdəsi, rəhməti və nemətidir. İman gətirənlərin üzərinə düşən vəzifələri isə Hz.İsanı ən gözəl şəkildə müdafiə edib dəstəkləmək və onun insanları dəvət etdiyi Quran əxlaqını ən gözəl şəkildə yaşamaqdır.
Mövzular
Həzrəti Məryəm
Quranda həzrəti Məryəm
Hz. Məryəm, həyatının hər anında, etdiyi hər işdə Allaha yönələn, Allahın adını ucaldan, Rəbbimizə ürəkdən bağlı, səmimi bir mömindir. Allah, İmran ailəsini aləmlərə üstün etdiyi kimi, bu ailəyə mənsub olan Hz. Məryəmi də seçmiş, onu ən gözəl şəkildə yetişdirərək bütün pisliklərdən təmizləmiş və onu aləmlərin qadınlarına üstün etmişdir. Allah Quranda Hz. Məryəmin bu üstünlüyünü belə bildirməkdədir...
Həzrəti İsa dünyaya qayıdacaq
Hz. İsanın yer üzünə ikinci dəfə qayıdışı mövzusu, son həftələrdə Türkiyədə əhəmiyyətli bir məsələ oldu.Bu mövzudakı həqiqəti öyrənmək üçün, əlbəttə Quranda izah edilən həqiqətləri araşdırmaq lazımdır.
Hz. İsanın yer üzünə ikinci dəfə gələcəyi mövzusunda Quranda əhəmiyyətli sübutlar var. Bunları sıra ilə bu şəkildə araşdıra bilərik....